Belçikanın Baş naziri Alexander De Croo evinin yaxınlığında velosipedlə qəza törətdiyi üçün xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, baş nazirlikdən verilən açıqlamada, şənbə günü günorta saatlarında paytaxt Brüsseldən təxminən 60 kilometr uzaqlıqda yerləşən kənddə evinin yaxınlığında velosiped sürən De Croo-nun qəza keçirərək velosipedindən yıxıldığı bildirilib.

Başını yerə vuran və bir müddət huşunu itirən 47 yaşlı De Croo yaxınlıqdakı Gent xəstəxanasına aparılıb.

Burada aparılan sınaqlarda baş nazirin vəziyyətinin yaxşı olduğu müəyyən edilib. Yüngül yaralanan De Croo bir neçə saat sonra xəstəxanadan buraxılıb.

Baş nazir De Croo-nun bazar günü istirahət edəcəyi və qəzanın onun gələn həftəki iş qrafikinə təsir etməyəcəyi açıqlanıb.