"Dövlət büdcəsi çərçivəsində təqdim olunmuş sifarişlər dərhal icra olunur və bu gün bizdə icra olunmamış sifariş yoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, təqdim edilmiş sifarişlər üzrə hazırda bir qəpik də borc yoxdur: “Bizim planlaşdırdığımız büdcə xərclərimiz beş ayda 103 % icra olunub. Resurs baxımından dövlət büdcəsinin gəlirlərini nəzərə alaraq bizim heç bir problemimiz yoxdur. Qanunuvericiliklə daxil olan öhdəliklərin maliyyələşdirilməsində problemimiz yaşanmır. Qarabağdakı podratçılarla bağlı problem başqa istiqamətdədir. Açılmış vəsaitlərlə görülmüş işlərin tam uyğun olmamasındadır. Keçən il qənaət olunmuş bütün vəsaitləri, təqribən 1,5 milyard manat vəsaiti qanunla əlavə olaraq sırf işğaldan azad edilmiş ərazilərin bərpasındakı tikinti işlərinə yönəltmişik. Bu il də təqdim etdiyimiz dürüstləşmədə planlaşdırlan məbləğin 3/2-si yenə o istiqamətdədir. Sadəcə sifarişçi ilə podratrçı arasındakı münasibətlər normal tənzimlənməlidir. Onların gördüyü işin büdcədə nəzərdə tutulub-tutulmaması müəyyənləşdirilməlidr. Amma bizə büdcə çərçivəsində təqdim olunmuş sifarişlər dərhal icra olunur və bu günə bizdə icra olunmamış sifariş yoxdur".
Qeyd edək ki, deputat Elnur Allahverdiyev komitə iclasında bildirib ki, şirkətlər Qarabağda iş görürlər, amma bəzən pul köçürmələri gecikdirilir.
Anar Kəlbiyev