SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution”  şirkətinin texniki dəstəyi ilə həyata keçirilən ABŞ-nin Dyuk Universitetinin  Peşəkar Layihə Menecmenti sahəsi üzrə  xüsusi beynəlxalq təlim proqramının (Layihələrin İdarəedilməsi Məktəbi - SPM) növbəti Məzun Günü keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə SOCAR prezidentinin müşavirləri Aygün Hüseynova, Ziba Mustafayeva, bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, proqramın məzunları və onların ailə üzvləri iştirak ediblər.  

Tədbirin açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov məzunları təbrik edərək bildirib ki, Ali Məktəb ingilisdilli yüksəkixtisaslı, mühəndis kadrlar hazırlamaqla yanaşı, bu cür beynəlxalq səviyyəli təlim proqramlarını da yüksək səviyyədə həyata keçirir. O, Bakı Ali Neft Məktəbinin belə təlimlərə təşkilatçılıq etməsini qürurverici adlandıraraq vurğulayıb ki, bu layihə beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rola malikdir. Rektor uğurla həyata keçirilən Layihələrin İdarəedilməsi Məktəbinin indiyədək 240 nəfər məzunu olduğunu və onların müxtəlif yüksək vəzifələrdə çalışdıqlarını əlavə edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edən, Layihələrin İdarəedilməsi Məktəbinin məzunu Zəfər Qurbanov çıxışında bu proqramın əhəmiyyətindən bəhs edərək faydalı bilik və bacarıqların əldə olunduğunu, burada öyrədilənlərin uğurla tətbiq olunacağını vurğulayıb.

Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məzunları təbrik edərək onlara uğurlar arzulayıb. O, Bakı Ali Neft Məktəbinin bu layihəni uğurla həyata keçirməsinin qürurverici olduğunu vurğulayaraq proqramın iştirakçıların peşəkar karyeralarına böyük töhfə verəcəyinə əminliyini bildirib.

Daha sonra məzunlardan “Azercell Telecom”un Təchizat zəncirinin idarəedilməsi şöbəsinin direktoru Azər Kərimov və GL Tağıyev Əməliyyat Şirkətinin əməliyyat meneceri Ramin Quliyev çıxış edərək Layihələrin İdarəedilməsi Məktəbi çərçivəsində əldə etdikləri yeni biliklərin onların peşəkarlıqlarının yüksəlməsinə faydalı praktiki töhfələr verdiyini bildiriblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.