Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin sədr müavini, Köln Azərbaycan Evinin həmtəsisçisi Altay Rüstəmovla görüşü keçirilib.

"Unikal" xəbər verir ki, Komitə sədri Kölndə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin təbliği istiqamətindəki fəallığını yüksək qiymətləndirib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində diasporumuzun fəaliyyətinin daha da genişləndirilməsinə dair tövsiyələrini nəzərə çatdırıb.

Görüşün sonunda Komitə sədri Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” medalını Altay Rüstəmova təqdim edib.

Soydaşımız ona göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib və gələcək planlara dair fikirlərini bölüşüb.

Qeyd edək ki, uzun müddətdir Almaniyada yaşayan soydaşımız diaspor quruculuğu prosesində fəallığı ilə seçilir. O, mədəniyyət paytaxtımız Şuşada keçirilmuş Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayının iştirakçısı olub.