Pirsinq, döymə etdirən şəxslər donor ola bilərlər, lakin onlar bu kimi prosedura müraciət edirlərsə, yenidən donor olmaq üçün 6 ay fasilə verməlidirlər.

"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib. Həkimin sözlərinə görə, bu, həmin şəxslərin sözügedən prosedurlar zamanı hansısa infeksion xəstəliklərə yoluxub-yoluxmadıqlarını dəqiqləşdirmək üçün önəmlidir:

“Bəzi infeksion xəstəliklər var ki, özünü dərhal göstərmir. Buna görə tövsiyə edirik ki, əvvəla, bu cür prosedurları etdirən şəxslər maksimum dərəcədə diqqətli olsunlar və sterilliyindən əmin olduqları yerlərə müraciət etsinlər. Digər məqam isə həmin şəxslərin 6 ay fasilə verdikdən sonra yenidən donor olmalarıdır ki, bu da əvvəldə qeyd etdiyimiz səbəbə görədir”.