"Heydər Əliyev bütün zamanların ən qüdrətli Azərəbaycanın banisidir".

"Unikal" xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev "Xalq qəzetinin "Heydər Əliyev xatirələr işığında" layihəsi çərçivəsində verdiyi müsahibəsində bildirib.

"Bütün dahilərin qiymətini zaman verir. Heydər Əliyev yaşadığı ömürdən ötən illər də göstərir ki, bu dahi şəxsiyyət dünya siyasət olimpində öz adını əməlləri və xidmətləri ilə əbədiləşdirib. Təkcə hakimiyyətə qayıdışından sonrakı dövrdə onun xidmətlərinin miqyasının çərçivəsini tam əhatə etmək mümkün olmur. Zaman göstərdi ki, hakimiyyətinin 10 ilində ulu öndərin apardığı siyasət son dərəcə mükəmməl və düzgün siyasət olub. Mən bunu bircə 2020-ci ildə, 44 günlük müharibədə işğalçı Ermənistan üzərində qazandığımız qələbə ilə əlaqələndirmək istəyirəm.

Bu qələbə ümummilli liderin başladığı quruculuq siyasətinin və bu siyasi xəttin Prezidentimiz cənab İlham Əliyev tərəfindən ən mükəmməl şəkildə davam etdirilməsinin parlaq nəticəsi oldu. Bu zəfərin təməl daşları – milli müstəqil dövlətçiliyin yaradılması, Milli Ordunun formalaşdırılması, hüquq-mühafizə orqanlarının ədalət prinsipləri əsasında saflaşdırılması, vətəndaş cəmiyyətinin formalaşması, xalqın azərbaycançılıq və milli həmrəylik ideyası ətrafında birləşmək kimi mühüm təməllər Heydər Əliyev tərəfindən qoyuldu. Prezident İlham Əliyev müasir qlobal çağırışları nəzərə almaqla bunları ən yüksək formada və müdrikliklə davam etdirərək Zəfərə nail oldu. Politoloqların, tədqiqatçıların yanaşmaları göstərir ki, bu qələbə təkcə hərbi qələbə deyildi.

Bu Azərbaycanın düşmən üzərində diplomatik, iqtisadi, mədəni, mənəvi və humanitar qələbəsi idi. Onların hər birində Heydər Əliyevin özünəməxsus dəstixətti, izi var. Ona görə də Heydər Əliyev mənim üçün zamanın fövqündə dayanan fenomenal insan, böyük düha sahibi, xalqa xidməti ilə zirvələri fəth edən, bütün zamanların ən qüdrətli Azərbaycanın banisidir. Heydər Əliyev ölkə, qitə miqyasını aşan, dünya şöhrətli siyasətçi, əbədiyaşar lider, polad iradəli görkəmli dövlət xadimi, bir sözlə... bəşəriyyətin tarixə bəxş etdiyi dahi azərbaycanlıdır - dəyə Kamran Əliyev bildirib.