Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə sakinlərinin ən çox istirahət etdiyi məkanlardan olan Cavadxan küçəsində aparılan genişmiqyaslı abadlıq, quruculuq, təmir və bərpa işləri ilə yerində tanış olub.

"Unikal"ın məlumatına görə, şəhər rəhbərinə bildirilib ki, Cavadxan küçəsində yerləşən evlərin fasadları, novdanları yuyularaq təmizlənib. Daş döşəmələrin təmirə ehtiyacı olan hissələri yeniləri ilə əvəz olunub, işıq dirəklərində olan köhnə plafonlar yeni, müasir LED lampaları ilə əvəzlənib, yeraltı keçidlərdə təmizlik işləri görülüb. Burada olan buta formalı oturacaqlar yenidən boyanıb, güldanlara mövsümü güllər əkilib, eyni zamanda, fəvvarələr təmir olunub. Cavadxan küçəsi ilə yanaşı, şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq iməciliklər təşkil olunur. Park və xiyabanlara, küçələrə güllər və həmişəyaşıl kollar əkilir, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulub. Bununla paralel olaraq ehtiyac olan küçə və prospektlərdə yeni dirəklər basdırılır, müasir gecə işıqlandırma sistemi qurulur.

Görülən işlərlə yerində tanış olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tapşırıq və tövsiyyələrini verib.

Daha sonra şəhər rəhbəri sakinlərlə də söhbət edib. Onların rəy və təkliflərini dinləyən Niyazi Bayramov, səsləndirilən fikirlərin dəyərləndiriləcəyini bildirib.

Qeyd edək ki, aparılan abadlıq, təmir-bərpa və tikinti işləri Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən aparılır. Həyata keçirilən işlər mütəmadi olaraq davam edəcək.