Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti  Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

"Unikal" xəbər verir ki, nümayəndə heyəti Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəliblər. Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ümummilli Lider Heydər Əliyevin barelyefi ziyarət olunub, dahi rəhbərin əziz xatirəsini yad edilib.

İyunun 15-də Baş prokuror Kamran Əliyev ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında ikitərəfli görüş keçirilib. 

Görüş zamanı Kamran Əliyev rusiyalı həmkarına səfərə dəvətə görə təşəkkürünü bildirib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verib. 

Rusiyanın Baş prokuroru bu ilin sentyabr ayında Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasına dəvətə görə təşəkkürünü bildirərək tədbirin yüksək səviyyədə təşkil olunacağına dair əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş prokurorlar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2024-2025-ci illəri əhatə edən Əməkdaşlıq Proqramını imzalayıblar.