İyun ayının 18-də saat 02:10-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Unikal"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Beyləqan rayonunun Xələc kəndi yaxınlığında “Shevrolet” markalı, 77 PX 201 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.

Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 102 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1200 ədəd “metadon M-40” həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin 1977-ci il təvəllüdlü İsmayıllı rayon sakini Hüseynov Qorxmaz Yaqub oğlu və 1995-ci il təvəllüdlü Binəqədi rayon sakini Rzayev Vəli İmdat oğlu olmaları müəyyən edilib.

İyun ayının 18-də saat 11:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Sarxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində kolluq ərazidə 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

*** 

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində ümumi çəkisi cəmi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini 46 yaşlı Qorxmaz Hüseynovdan çəkisi 97 kiloqram 338 qramdan artıq marixuana, 5 kiloqram 10 qram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.