Laçın Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Bu barədə "Unikal"a Baş Prokurorluqdan məlumat verilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib.

Baş Prokuror bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilmiş və istismara yararsız vəziyyətə salınıb.