"Hələlik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Çıxış etdiyim çəki dərəcəsində lisenziyaya yalnız finalçılar sahib olacaqlar".
"Unikal" xəbər verir ki, bunu III Avropa Oyunlarının 1/4 finalında qalib gələn Azərbaycan boksçusu Məhəmməd Abdullayev deyib.
Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən dünya çempionatının mükafatçısı bildirib ki, səkkizdəbir final döyüşündə qaşından zədələnsə də, bu, onun üçün heç bir problem yaratmayıb:
“Döyüşə rahat çıxmışdım. Rəqibim qaşımda zədə olduğunu bilirdi. Adətən başı ilə qaşıma zərbələr endirməyə çalışırdı. Hakim isə buna fikir vermirdi. Yunanıstanlı boksçu çox güclü idi. Sevindirici haldır ki, döyüşün sonunda qələbəni mən qazandım”.