Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.
"Unikal" xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançı finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) sınağa çəkib.
Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən Azərbaycan təmsilçisi Avropa Oyunlarını bürünc medalla başa vurub.
Qeyd edək ki, bu gün millinin daha bir üzvü yarımfinal görüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Nelvi Ram Tiafakla (Almaniya) üz-üzə gələcək.