Əyalətlərdə vəziyyət nisbi olaraq sakitləşir
02:56 07-04-2012
İQTİSADİYYAT
Əyalətlərdə vəziyyət nisbi olaraq sakitləşir
Sabirabadlılar istəklərinə çatdı, salyanlılar icra başçısı ilə görüşə hazırlaşır, qaçqınlar isə başaqa yerə köçürülür
Əyalətlərdə durum zaman içində dəyişir. Bəzən kükrəyən region əhalisi, bəzən də problemlərinin həllini görərək, sakitləşirlər. Amma bu heç də o demək deyil ki, bölgələrdə durum sabitdir. Vəziyyət elədir ki, hər an hər şey ola bilər. Çünki insanlar yerli icra hakimiyyətlərinin atdığı addımlardan heç də məmnun deyil. Əksinə, vaxtaşırı neqativ hallardan əziyyət çəkdikləri üçün etrazlarını bildirirlər.
Salyanlılar icra başçısının
qapısına gedəcək
Yaz aylarında həmişə sıxıntı çəkən salyanlılar bu il də eyni vəziyyətlə üzləşiblər. Səbəb isə Kür çayında suyun səviyyəsinin artması ilə bərabər, qrunt sularının üzə çıxması və evləri basmasıdır. Artıq bir neçə ildir davamlı olaraq şikayət edən sakinlərin dərdinə şərik çıxan yoxdur. Daha doğrusu, Salyanın icra başçısı Tahir Kərimov deyir ki, camaat bir qədər səbr etsin. Çünki yaponlar yaxın vaxtlardan etibarən rayonda qrunt sularını axıtmaq üçün kollektor və drenajlar inşa edəcəklər.
Amma görünən budur ki, Salyan camaatı yaponları gözləmək fikrində deyillər. Onlar bildirirlər ki, evləri su altında qalıb və yenidən təmirə ehtiyac var. Hər il eyni vəziyyətlə üzləşdiklərini, amma buna baxmayaraq, problemlərinin həll olunmadığını vurğulayan rayon sakinləri bildirirlər ki, bu məsələyə bir dəfəlik son qoyulmalıdır. Elə bu səbəbdən də icra başçısından dəqiq və konkret vəd almaq üçün İcra Hakimiyyətinin binası önünə yığışmaq fikrindədirlər.
Rayondan aldığımız məlumata görə, sakinlərin niyyəti hər hansı bir aksiya keçirmək və ya qarışıqlıq salmaq deyil. Əksinə, onlar bu şəkildə icra başçısı ilə görüşərək, dərdlərini ona demək istəyirlər. Bunun üçün artıq İcra Hakimiyyətinə xəbər də göndərildiyi deyilir və bildirilir ki, qarşı tərəf onlarla görüşmək üçün heç bir problem görmür. Məlumatda o da deyilir ki, yaxın bir-iki gün içində camaatla icra başçısının açıq görüşü keçiriləcək.
Sabirabadlılar
arzularına çatdılar
Aprelin 4-ü və 5-də aksiya keçirən Kür daşqınlarından əziyyət çəkən Sabirabad rayonu Minbaşı kəndinin icra nümayəndəsi Bəybala İsgəndərov işdən çıxarılıb.
Verilən məlumata görə, aprelin 5-də baş verən kütləvi etiraz aksiyasından sonra Sabirabad Rayon İcra Hakimiyyətinə çağırılan icra nümayəndəsinə deyilib ki, ərizəni yazsın, vəziyyət gərgindir. Xəbəri işdən çıxarılan icra nümayəndəsinin oğlu Vüsal İsgəndərov da təsdiqləyib.
Qaçqınlar yataqxanadan
niyə çıxarılır?
Fətəli xan Xoyski, 98 ünvanında yerləşən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasında məskunlaşmış 100-ə yaxın zəngilanlı məcburi köçkün ailəsi yeni mənzillərə köçürülür. Ötən gün əməkdaşlarımız həmin yataqxanada olub.
Beşmərtəbəli yataqxananın sakinlərinin əksəriyyəti köçürülüb. Zəngilanlıların köçürülməsi ilə paralel olaraq binanın söküntüsünə başlanılıb. Binanın qapı-pəncərələri, tavan və döşəməsi sökülüb. Yataqxanada köçürülməyən 5-6 ailə qalıb. Binanın köçməkdə olan sakinləri bildirdilər ki, onları Binəqədidə yeni tikilən binalara köçürürlər.
Məcburi köçkünlərlə söhbət zamanı məlum oldu ki, 5-6 ailə üzvü olan ailələrə sahəsi 80 kvadratmetr olan mənzillər verilir. Köçkünlər elə də yaxşı şəraiti olmayan binadan köçdüklərinə sevinirdi. Bununla belə bildirdilər ki, hara köçürülmələrindən asılı olmayaraq heç bir yer Zəngilanı əvəz etmir.
1993-cü ildən bu yataqxanada yerləşdiklərini deyən Zəngilan köçkünləri bildirdilər ki, tərk etdikləri bu yataqxana hazırda göründüyündən qat-qat pis vəziyyətdə olub: "Bu yataqxanaya köçürüləndə heç düz-əməlli qapı-pəncərəsi də yox idi. Hamısını özümüz düzəltdik".
"Qaçqınkom"un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Zəngilan köçkünlərinin Binəqədiyə yaxın ərazidəki gənclər şəhərciyinə köçürdüklərini bildirdi: "Burada faktiki olaraq məskunlaşmış və məcburi köçkün statusu almış şəxslər köçürülür. Hazırda da köçmə prosesi davam edir. Burada yaşayan 5 ailəyə ev verilməməsi araşdırılır. Onlara da tez bir zamanda cavab veriləcək. Onların köçürülməsi üçün xüsusi komissiya yaradılıb. İşğal olunmuş rayon icra hakimiyyəti nümayəndələri, "Qaçqınkom" tərəfindən yaradılmış komissiya birgə şəkildə köçürməni həyata keçirir. Bütün nəqliyyat xərcləri komitə tərəfindən ödənir".
Növbə məktəblərə çatdı
Azərbaycanda inklüziv təhsilin (sağlamlıq imkanları məhdud uşaqların sağlam uşaqlarla birgə təhsil alması) tətbiqinin genişləndirilməsi ilə əlaqədar orta məktəb binalarının infrastrukturunun dəyişdirilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva bildirib ki, sağlamlıq imkanları məhdud olan uşaqların müəssisələrə maneəsiz daxil olması üçün təhsil ocaqlarının infrastruktruna yenidən baxılması 2012-2019-cu illərdə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı layihəsində qarşıya qoyulan məsələlərdən biridir.
Dövlət Proqramı təsdiqləndikdən sonra bu məsələlərin öz həllini tapacağına ümid edən M.Hacıyeva bildirib ki, infrastrukturun dəyişdirilməsi ilkin olaraq, pilot seçilmiş məktəblərdə həyata keçiriləcək. Artıq bunun üçün Təhsil Nazirliyinin əsas tərəfdaşı olan UNİSEF-lə birgə 100 məktəb müəyyən olunub. Pilot seçilmiş məktəblər ölkənin müxtəlif ərazilərini əhatə edir.
Hazırda ölkədə əlilliyi olan 60 minə yaxın uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 298-i isə inklüziv təhsilə cəlb edilib.
Kür yavaş-yavaş enir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 75-190, Kiçik Qafqazın çaylarında 75-80, Lənkəran-Astara bölgəsi çaylarında 60-120, Naxçıvan MRı çaylarında isə normanın 20-25 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 274 m3/s, ongünlük normanın 58 faizini i təşkil edir (2011-ci ildə 450 m3/s olmaqla 96 faizini təşkil edirdi). Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 109 m3/san olmaqla, ongünlük normanın 79 faizini təşkil edir (2011-ci ildə 134 m3/s olmaqla 97 faizini təşkil edirdi).
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam edib. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 74 sm, Şirvanda 55 sm, Salyanda 46 sm, Bankədə 34 sm, Araz çayının Novruzlu məntəqəsində isə 25 sm azalmışdır. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 526 sm (2011-ci il aprelin 06-da 554 sm), Şirvanda 464 sm (2011-ci il aprelin 06-da 438 sm ), Salyanda 403 sm (2011-ci il aprelin 06-da 371 sm ), Bankədə 299 sm (2011-ci il aprelin 06-da 290 sm), Araz çayının Novruzlu məntəqəsində isə 325 sm (2011-ci il aprelin 06-da 273 sm) təşkil edir.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00