“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar sahədə bioloji mübarizə tədbirləri genişləndirilir. Bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkədə ilk dəfə olaraq samuray arılarının yetişdirilməsi həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin təşkiltçıllığı və BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının (FAO) dəstəyi ilə Agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında yetişdirilən samuray arılarının ilk partiyası Zaqatala rayonunda təbiətə buraxılıb.
"Unikal" xəbər verir ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən bioloji mübarizə tədbirlərinin ilk mərhələsinə iyul ayının əvvəlində Türkiyə Respublikasından gətirilən 20 min samuray arısı ilə start verilib. Gətirilən həşəratlardan 120-si istehsal məqsədilə Agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında saxlanılıb və təbiətdən toplanmış qəhvəyi mərmər bağacığının yumurtaları ilə parazitləşdirilib. Nəticədə qısa müddət ərzində laboratoriya şəraitində 3 min samuray arısı yetişdirilib.
Buraxılışlar zərərvericinin yayılma arealı, aparılan monitorinqlərin nəticələri və yerli təsərrüfatların ehtiyacları nəzərə alınmaqla təşkil olunub. Təbiətə buraxılan samuray arılarının əsas məqsədi ilk öncə samuray arılarının təbii arealda yayılmasını təmin etmək və tədricən qəhvəyi mərmər bağacığının sayının azalmasına nail olmaq və onun sürətli çoxalmasının qarşısını almaqdır. Bu istiqamətdə aparılan tədbirlər kənd təsərrüfatı məhsullarının sağlam şəkildə istehsalına, ətraf mühitin qorunmasına və kimyəvi mübarizə vasitələrindən istifadənin minimuma endirilməsinə xidmət edir.
Mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu tədbirlər nəticəsində bioloji mübarizə imkanlarının daha da genişləndirilməsi və yerli şəraitə uyğun effektiv metodların tətbiqi nəzərdə tutulur. Məlum olduğu kimi, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə ciddi zərər vura bilən zərərvericilərdən biridir. Bu zərərvericiyə qarşı ekoloji baxımdan daha təhlükəsiz və səmərəli mübarizə üsullarından biri də təbii düşmənlərdən istifadə edilməklə aparılan bioloji mübarizədir.
Qeyd edək ki, Samuray arılarının tətbiqi qəhvəyi mərmər bağacığının yumurtalarının təbii şəkildə parazitləşdirilməsi prinsipi əsasında həyata keçirilir. Faydalı həşəratlar zərərvericinin yumurtalarını məhv etməklə onun çoxalmasının qarşısını alır, populyasiyasını azaldır və kimyəvi pestisidlərdən istifadənin minimuma endirilməsinə töhfə verir. Bu bioloji mübarizə üsulu ekoloji cəhətdən təhlükəsiz və davamlı olmaqla yanaşı, kənd təsərrüfatı bitkilərinin qorunmasında effektiv vasitə hesab olunur. Samuray arılarının sahələrə buraxılması zərərvericinin yayılma vəziyyəti və aparılan monitorinqlərin nəticələri nəzərə alınmaqla həyata keçirilir.







.jpg)
















.jpg)






















