“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və ADA Universitetinin tərəfdaşlığı ilə 15-26 iyul tarixlərində şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla yekunlaşıb.
"Unikal" xəbər verir ki, iki həftə davam edən proqram çərçivəsində iştirakçılar ABŞ-nin siyasi, tarixi və akademik mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Düşərgə iştirakçıları Ağ Ev, ABŞ Kapitolu, ABŞ Ali Məhkəməsi və Konqres Kitabxanası kimi ölkənin mühüm dövlət institutlarını ziyarət edib, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Vaşinqton şəhərində fəaliyyət göstərən ADA Evində keçirilən təlim, seminar və mühazirələrdə iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar Smitsonian İnstitutu, Milli İncəsənət Qalereyası, ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun tarixi Mount Vernon malikanəsi və Arlinqton Milli Məzarlığını da ziyarət edərək ölkənin tarixi, mədəniyyəti və dövlətçilik ənənələri haqqında ətraflı məlumat əldə ediblər.
Düşərgənin mühüm görüşlərindən biri Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ilə keçirilən görüş olub. Eyni zamanda iştirakçılar Türkiyə Respublikasının ABŞ-dəki Səfirliyini ziyarət edərək diplomatik nümayəndəliklərin fəaliyyəti və Azərbaycan–Türkiyə strateji tərəfdaşlığı barədə məlumat əldə ediblər.
Qeyd edək ki, proqramda cari tədris ili ərzində ali təhsil müəssisələrində ingilis dilində təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetinin ümumilikdə 10 nəfər şəhid övladı iştirak edib.
“Zəfər” Amerika Yay Düşərgəsinin əsas məqsədi şəhid övladlarının beynəlxalq təcrübə qazanmalarına, liderlik və akademik bacarıqlarının inkişafına, dünyagörüşlərinin genişlənməsinə, eləcə də onları beynəlxalq təhsil və əməkdaşlıq imkanları ilə yaxından tanış etməyə töhfə vermək olub.


















































