Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon ərazisində fəaliyyət göstərən “Master Metal Company” MMC və “Goran Agro Avadanlıqlar Zavodu” MMC-də müəssisələrin istehsal imkanları, texnoloji prosesləri və əmək şəraiti ilə tanış oldu.

"Unikal" xəbər verir ki, baxış zamanı müəssələr haqqında məlumat verilərək bildirildi ki, “Master Metal Company” MMC-də məişət avadanlıqları, müxtəlif təyinatlı masa və oturacaqlar , “Goran Agro Avadanlıqlar Zavodu” MMC-də isə kənd təsərrüfatı təyinatlı avadanlıqlar, müxtəlif ölçülü qoşqular, eləcə də digər metal məmulatları hazırlanaraq daxili bazarın tələbatının ödənilməsinə xidmət göstərilir.

Müəssisələrin rəhbərliyi tərəfindən istehsal sahələrinin fəaliyyəti, tətbiq olunan müasir texnologiyalar, istehsal gücü, məhsul çeşidlərinin artırılması istiqamətində görülən işlər və gələcək inkişaf planları barədə ətraflı məlumat verildi.

İstehsal sahələrinə baxış zamanı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası çərçivəsində ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi və aqrar sahəyə xidmət göstərən istehsal müəssisələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirildiyini bildirərək müasir istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və istehsal potensialının artırılması regionların sosial-iqtisadi inkişafına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verdiyini vurğuladı.

Sonda müəssisələrin rəhbəri göstərilən diqqətə və istehsal sahələrinin fəaliyyəti ilə yaxından tanış olunduğuna görə minnətdarlıqlarını ifadə edərək, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən ardıcıl dəstəyin istehsal güclərinin artırılmasına, yeni texnologiyaların tətbiqinə və məhsul çeşidinin genişləndirilməsinə əlverişli şərait yaratdığını, gələcək dövrdə də istehsal həcminin artırılması, yeni iş yerlərinin yaradılması və yerli istehsalın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirdi.