"Üç ildir eyni komandada - "Şaveş"də oynayırdım. Orada da hər şey ürəyimcə idi, özümü rahat hiss edirdim. Daha sonra "Qarabağ"dan təklif gəldi və bu, mənim diqqətimi çəkdi. Nəinki mənim, hətta ailəm üçün də maraqlı oldu. Ona görə də qərar verməkdə tərəddüd etmədim və təklifi düşünmədən qəbul etdim".
"Unikal" xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Juninyo klubun rəsmi Yutub kanalına müsahibəsində deyib.
O bildirib ki, komandaya uyğunlaşma prosesi çox rahat və yaxşı keçir. Onun sözlərinə görə, komandada braziliyalı futbolçuların olması bu prosesi asanlaşdırır və sürətləndirir:
"Komanda yoldaşlarım, məşqçilər heyəti və digər işçilər mənə çox yaxşı münasibət göstərirlər. Adaptasiya gözlədiyimdən də yaxşıdır".
İlk dəfə Çempionlar Liqasında iştirak edəcək braziliyalı oyunçu bunları deyib: " "Qarabağ" mənim uşaqlıq arzularımı həyata keçirəcək.Çalışacağam ki, mümkün olduğu qədər həmin oyunlar üçün hazır olum. Komanda, məşqçilər heyəti və azarkeşlərin məndən gözləntisi çoxdur. Bu etimadı doğrultmağa çalışacağam. Oyunların başlamağını gözləyirəm".