Braziliya milli futbol komandasının hücumçusu Neymar şəxsi torpaq sahəsində süni gölməçə və üzgüçülük sahəsi yaratdığına görə 16 milyon real (3,3 milyon ABŞ dollarından çox) cərimələnib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yerli prokurorluq futbolçunu iş üçün lazımi ekoloji nəzarətin olmamasında ittiham edib. O, həmçinin “torpağı qazıb daşımaqda” və “bitki örtüyünü məhv etməkdə” ittiham olunur.
Məlumata görə, iyunun 22-də yerli ekoloji xidmətlərə anonim məlumat daxil olub, bundan sonra Neymarın əmlakı yoxlanılıb. Nəticədə ekoloji normaların pozulması, o cümlədən çaylardan birində suyun icazəsiz götürülməsi halları aşkar edilib. Daha sonra xidmətlər su anbarından və çimmək zonasından istifadənin qadağan edilməsi, onların lentlə bağlanması və müvafiq elanların vurulması barədə qərar qəbul edib. Lakin bu, futbolçunun qadağanı pozaraq gölməçədə çimdiyini əks etdirən fotoları bir neçə gün sonra sosial şəbəkələrdə yayımlamasına mane olmayıb.