Bu gecə Azərbaycanda baş vermiş 5,5 bal gücündə zəlzələ ilə bağlı xəbərdarlıq mesajı istifadəçilərə “Google”un Android platformasından göndərildi.

“Unikal” xəbər verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün sözlərinə görə, “Google” “Zəlzələ xəbərdarlığı” xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir. 

“İndi əksəriyyət müzakirə edir ki, nə üçün “Google” ona bu mesajı göndərməyib, yaxud da nə üçün bu mesaj iPhone telefonu işlədənlərə göndərilməyib. “Apple” şirkətini qınayanlar var.
“Google”un xəbərdarlıq mesajından sonra əhali arasında xeyli çaşqınlığın, məlumatsızlığın, hətta dezinformasiyaların yayılması da müşahidə edilib.

Heç kim soruşmur ki, bəs FHN-nin xəbərdarlığı, onun mesajları, onun mobil tətbiqləri və mobil xidməti haradadır?

Uzun illərdir ki, Fövqəladə Hallar Nazirliyi “112 Mobil Xilasedici” tətbiqini hazırlaya bilməyib. “112” qaynar xətt xidməti aktiv olsa da daha effektiv olan uyğun mobil tətbiq yoxdur.

Xatırlayıram ki, 2016-cı ildə ATL şirkəti FHN-nin sifarişi ilə İOS və Android üçün belə bir resurs hazırlamışdı. Lakin sonralar bu mobil resurs hər iki platformadan yığışdırılıb.
Sonralar FHN bir neçə dəfə belə bir mobil resursun hazırlanması haqqında mesajlar versə də, indiyədək bu reallaşmayıb.

Xatırladıram ki, digər ölkələrin əksəriyyətində belə bir mobil resurs aktivdir.

“112 Mobil Xilasedici” daha operativ reaksiya üçün, ilkin məlumatlandırma və ilkin yardım üçün, əks əlaqə üçün, koordinatın müəyyən edilməsi və yönləndirilməsi üçün, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur. 

Maraqlıdır ki, hədsiz geniş resurslara, böyük bir İT idarəyə və komandaya malik olan FHN 7 ildir ki, balaca bir mobil tətbiqi ortaya çıxara bilməyib.
Çox düşündürücü və təəssüfləndirici bir haldır”, - deyə Osman Gündüz qeyd edib.