“Dərman vasitələri haqqında” qanuna təklif edilən elektron resept tələbinin qəti qoyulması dəyişikliyi gələcəkdə müəyyən problemlərə yol aça bilər. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, qanunvericilikdə elektron reseptlə yanaşı, kağız reseptlərin də qalması məqsədəuyğundur.

“Elektron resept yazılması dövrün tələbinə uyğun olsa da, dünyadakı reallıqları nəzərə alaraq deyə bilərəm ki, elektron sənəd formasının qətiyyətlə qoyulması yerinə kağız sözü də əlavə edilməlidir. Türkiyədə dərmanların 80-85 %-i dövlət,  yəni, sığorta şirkətəri tərəfindən ödənilir. Bu səbəbdən bu kimi hallarda sui-istifadə hallarının qarşısının alınması üçün elektron resept metodu təqdirəlayiqdir. Lakin bizdə həmin mexanizm olmadan bunun icrası çətinlik yaradar. Yəni, ölkədəki xəstəxanalar arasında tam inteqrasiya sistemi mövcud deyil”.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliklə reseptlərin hamısı elektron formada yazılacaq, yalnız pasiyentin istəyi ilə kağız formasında ola bilər.

Anar Kəlbiyev