"Dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir sıra problemlərə gətirib çıxara bilər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib. 

O bildirib ki, dərman şirkətləri ticarət adı reseptlərdə yazılmayan ölkələrdə öz rəsmi nümayəndəliklərini çıxarmağa çalışırlar.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanda 250-ə qədər rəsmi nümayəndəlik var. “Bu nümayəndəliklər dərman vasitələrinin təchizat zəncirinə ciddi nəzarət edirlər. Bu baxımdan dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir çox problemlərin yaranmasına gətirib çıxara bilər".

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilir.

Anar Kəlbiyev