“Erkin Qədirlinin söylədiyi fikirlər nəzəri məsələdir. Bununla bağlı beynəlxalq təcrübəyə də istinad eləmək olar ki, bəli, konstitusiya məhkəmələri bir çox hallarda konstitusiya və qanunların hansısa normalarının şərhini verə bilirlər, qanunların konstitusiyaya uyğunluğu ilə bağlı rəy verirlər. Amma hazırda qüvvədə olan konstitusiyaya görə, konstitusiyada açıq mətnlə yazılıb ki, Ombudsman məhkəmə aktlarının qanunlara və konstitusiyaya uyğunluğuna dair Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiyada belə yazılıb. Bu olduğu kimi də qanuna daxil olmalıdır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iclasında “Konstitusiya Məhkəməsi haqqında” qanununda dəyişiklik edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Biz bunu dəyişiriksə, bu o deməkdir ki, konstitusiyanı açıq şəkildə pozuruq. Komitə iclasında da çox geniş çıxış etdim və əsaslandırmağa çalışdım, konstitusiyanı da oxudum, amma xeyri olmadı. Birinci oxunuşda da konstitusiyanı oxudum, amma yenə də xeyri olmadı. Ona görə də bunu təkrarlamaq istəmirəm. Mən çıxış yolunu nədə görürəm? Düzü, hər zaman söyləmişəm ki, qanunların xüsusilə parlament və hökumət tərəfindən pozulması vətəndaşlarda qanunlara qarşı hörmətsizlik yaradır. Ona görə də, elə qanunlar qəbul edək ki, onu icra edə bilək. Ola bilsin ki, bir az sərt formada deyirəm, yanaşma bundan ibarətdir", - deputat bildirib.
Q.Həsənquliyev qeyd edib ki, bu yanaşma dəyişilməldir: "Bir dəfə mən onlayn müşavirə keçiriləndə də söylədim ki, yanaşma dəyişməlidir. Çox təəssüf ki, yanaşma dəyişmir və bu layihəni hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər. Parlamentdə yüzlərlə insan var, ağıl-ağıldan üstündür. Ona görə kollegial müzakirələr keçirilir ki, birinin diqqətindən yayınan məsələ başqasının ağlına gəlir. Amma çox təəssüf ki, bizə münasibət heç də ürəkaçan deyil və bu münasibət dəyişməlidir. Açıq şəkildə konstitusiya qanunlarına zidd normaların parlamentə göndərilməsi praktikasına son qoyulmalıdır”.
Anar Kəlbiyev