Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi Azərbaycan dəmir yollarının qurulması və inkişaf etdirilməsində də xüsusi xidmətləri var. Bunu görmək üçün tarixə ekskursiya etmək kifayət edir. Ulu Öndər Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi və SSRİ-də yüksək vəzifədə çalışdığı zaman da daim öz vətəninə bağlı olub, müxtəlif istiqamətlərdə öz ölkəsinin inkişafına dəstək verib. Onun zamanında inkişaf edən sahələrdən biri də dəmir yolu idi. 

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illər Azərbaycan dəmir yolunun hərtərəfli inkişaf dövrü adlandırılır. 

Heydər Əliyev 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklər və sürətli inkişaf müşahidə olunmağa başlandı..

Mütəxəssislər hesab edirlər ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilib. Onun sayəsində Azərbaycan dəmir yolları dönəmin müasir xarici texniki avadanlıqları ilə təchiz edilib.

"Fəxri dəmiryolçu" müharibə veteranı Nazim Behbudov bildirib ki, ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Onun fikrincə, bu nəhəng işlər anadan olmasının 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində həyata vəsiqə alıb: “1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilib. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. O, istər bilavasitə Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətində olduğu 1983-1987-ci illər ərzində, dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilib. 

Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil alıblar”.

O, əlavə edib ki, XX əsrin 90-cı illərində ümümmilli liderimiz Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi: “18-19 iyul 1996-cı ildə Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü.

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub...”.

Məhz 1970-ci ildən başlayaraq şəhərətrafı qatarlar müasir tələblərə cavab verən, yeni seriyalı  ER-2 tipli elektrik qatarları ilə əvəz olunmağa başlayıb.

1970-ci illərdə  Sumqayıt-şəhər, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt və Poylu stansiyalarında yeni vağzal binaları məhz o böyük şəxsiyyətin şəxsi nəzarəti altında tikilib.

Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada  bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975-ci ildə ümummilli lider Heydər Əliyevin  respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo hazırda dəmir yolunun istismar fəaliyyətində aparıcı rol  oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir.

1975-79-cu illərdə Bakı elektrik  dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülüb.

Heydər Əliyevin köməyi sayəsində Gəncə  şəhərində 1978-ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verilib.

1979-cu ildə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikilib.

1980-ci ildə Heydər Əliyevin şəxsi təklifi nəticəsində Şirvan stansiyasının tikintisinə başlanılıb, 1984-cü ildə başa çatdırılıb.

Sovetlər Birliyində rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu  Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilib. 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (BAM) Anqoya stansiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan vağzalın açılışı olub.

1980-ci ildə başlanan tikinti və ən çətin sahədən keçən, uzunluğu 160 kilometr olan Yevlax-Balakən dəmir yolu xəttinin çəkilişi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər tikilib və 1985-ci ildə istifadəyə verilib. 1970-1985-ci illər ərzində yolun daxilində və qonşu dövlətlərin dəmir yolları sərhədlərində sərnişin və yük qatarlarının kütləvi buraxılışı üçün böyük işlər aparılıb. 

1981-ci ildə Ələt qəsəbəsində müasir tələblərə cavab verən refrijerator vaqon deposu tikilib istifadəyə verilib.

1996-cı ildə Şirvan, 1997-ci ildə Culfa və İmişli vaqon depoları yaradılıb. Dübəndi terminalı və neftdoldurma stansiyası 1998-ci il yanvarın 4-də açılıb.

1997-ci ildə ilk dəfə olaraq Bakı vaqon deposunda  vaqonların əsaslı  təmiri işinə başlanılb.

1998-ci ildə Azərbaycan Dəmir Yolunda ilk dəfə  olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunub. 

Azərbaycan Dəmir Yolunun vaqon təsərrüfatının inkişaf illəri 1969-cu ildən sonra başlayıb. Belə ki, 1969-cu ilədək vaqon təsərrüfatı cəmi 2 vaqon deposu və bir yuyucu-buxarlayıcı  stansiyadan ibarət olduğu halda, hazırda 9 vaqon deposu və 1 yuyucu-buxarlayıcı stansiya fəaliyyət göstərir. Bundan əlavə, 1998-ci ilin yanvar ayında Dübəndi stansiyasında vaqonların texniki müayinə məntəqəsi fəaliyyətə başlayıb.

Xatırladaq ki, keçmiş SSRİ respublikalarının  cəmi bir neçəsində konteynerlərin təmiri üzrə  depo olduğu halda, 1975-ci ildə Bakıda konteynerlərin təmiri üzrə ixtisaslaşmış müasir texnologiyalı depo tikilib  istifadəyə verilib.

Qeyd edək ki, bütün bu tarixi faktlar Ulu Öndərin bu sahədə gördüyü işlərin bir hissəsidir.

Onu da əlavə edək ki, Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirir.

Prezident İlham Əliyev bildirib ki, son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur: “Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik. Yəni, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan asılıdır”.

Prezident həmçinin əlavə edib:

“Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq.

Yəni, onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir...”.

Qeyd edək ki, Azərbaycan 2020-ci ildən artıq yeni dönəmə qədəm qoyub. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib dövlətə çevrilib və bölgədə reallıqlar dəyişib. Artıq işğaldan azad edilmiş ərazilərdə abadlıq qurucluq işləri gedir. Bura eyni zamanda yeni dəmir yolu xətlərinin inşası da daxildir. Məhz bu layihələr bölgənin sürətli inkişafına təkan verəcək və Qarabağ qlobal iqtisadi mərkəzlərdən birinə çevriləcək.

Hüseyn İsgəndərov

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının “Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli” mövzusunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqəsinə təqdim edilir...