Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
Azərbaycan Güləş Federasiyasından"Unikal"a bildirilib ki, yarışın 3-cü günündə iki yunan-Roma güləşçimiz mübarizə aparıb.
Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində iranlı Omid Aramiyə 1:3 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanan güləşçimiz qazaxıstanlı Aybek Sabirbekovla (10:1) macarıstanlı Erik Torbaya (8:0) qalib gəlib. Nihat bürünc medal uğrunda qarşılaşmada isə isveçli Vircil Bikaya heç bir şans tanımayıb – 10:0.
Murad Məmmədov (63 kq) moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuya (9:0), amerikalı Xavyer Consona (13:3) və litvalı Justas Petraviçyusa (5:1) qalib gələrək finala yüksəlib. O, finalda koreyalı Jinvunq Junqu 5:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.
Qeyd edək ki, Eldəniz Əzizli (55 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.