Azərbaycanda II liqada çıxış edən "Cəbrayıl" futbol klubunda yeni təyinat olub.
"Unikal" xəbər verir ki, tanınmış ekspert, futbol meneceri Səbuhi Səfiyarlı klub rəhbərinin müşaviri vəzifəsinə təyin olunub. Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən S. Səfiyarlı bunları qeyd edib:"Vaxtilə Avropa kuboklarında qrup mərhələsində sevimli "Qəbələ" ilə "Borussiya"ya, "Mainz"a, "Lill"ə və digər adlı sanlı rəqiblərə qarşı oyunlarda necə həyəcan vardısa, indi "Cəbrayıl"la II Liqada oynamaq, doğulub-böyüdüyüm şəhərin ilk peşəkar klubunda olmaq o qədər həyəcanlıdır. Ad fərqli olsa da, uşaq ikən Azərbaycan çempionatının 1-ci dəstəsindəki oyunlarına baxmaq üçün "jildom"dan stadiona qədər olan yolu necə həvəslə gedirdimsə, keçən il Region Liqasında komandamızı dəstəkləmək üçün Bakıdakı, rayonlardakı oyunlarda necə həvəslə azarkeşlik edirdimsə, bu gün də bu proyektə eyni həvəslə başlayıram. Klubun yaradıcısı Cavid Hüseynovla birlikdə böyüdüyümüz şəhərin komandasını ölkə futbolunda öncül mövqelərə gətirmək fikrindəyik. Cavid Region Liqasında qələbə qazanarkən Cəbrayıl azarkeşlərinin necə dəstək verdiyini gördükdən sonra əmin oldum ki, rayonumuzun komandası ölkə futbolunda daha yuxarı liqalarda təmsil olunmaq perspektivinə malikdir və layiqdir. Rayon rəhbərliyinin, bu işdə həvəslə yardım etmək istəyən cəbrayıllı dostlarımızın dəstəyini gördükdən sonra 2-3 ilə Cəbrayılı peşəkar klub olaraq ən yaxşı şəkildə təmsil edəcəyimizə şübhəm qalmayıb. Cəbrayılın işğalı ilə 1-ci dəstədə yarımçıq qalmış işimizi azad Cəbrayılın təmsilçisi kimi yenidən böyük futbol səhnəsinə qayıtmaqla bərpa edirik".