Braziliyanın təyyarə istehsalçısı olan Embraer şirkəti elektriklə işləyən uçan taksilərin istehsalı üçün San-Paulu şəhəri yaxınlığında zavod tikəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, altı sərnişin tutumlu kiçik helikopterə bənzəyən taksilərin 2026-cı ildə səmada olması planlaşdırılır. Bu avtomobillə səyahətin adambaşına 50-100 dollar arasında başa gələcəyi gözlənilir.

Şirkət artıq 3000-ə yaxın hava taksisi üçün sifarişi aldığını bildirib. Belə ki, şaquli olaraq qalxıb enə bilən avtomobillərin uçuş-enmə zolağına ehtiyacı yoxdur və təyyarələr kimi uzun məsafə qət edə bilir.

Elektrik mühərrikləri standart təyyarələrlə müqayisədə səs-küyü və çirklənməni də azaldacaq. O, həmçinin yük daşımalarına alternativ olacaq. Pilotsuz uçuş aparatlarına bənzər sərnişin avtomobilləri ilk olaraq taksi parklarında istifadə ediləcək.

Onlar əvvəlcə pilot tərəfindən idarə ediləcək, gələcəkdə isə uçuşlar pilotsuz həyata keçiriləcək. Avtomobillər 100 faiz elektriklə işləyəcək.