İtkin düşən Bakı sakinləri tapılaraq xilas edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, dünən səyahət məqsədilə gəldikləri Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyyə olunublar. Onlar hazırda polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

***19:10

Zaqatalada şəlaləyə gedərkən dağlıq-meşəlik ərazidə itkin düşən şəxslərin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, onlar Bakı şəhər sakinləri Əli Aydın oğlu Əlizadə və Əbdül Rzayevdir.

Yüksək dağlıq və relyefi çətin ərazidə onların yeri müəyyən olunub, təxliyə edilmələri istiqamətində tədbirlər keçirilir.

***16:41

Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Unikal"a bildirib ki, hazırda onların təxliyyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
***

17:21
İki yerli turist dağlarda itkin düşüb.

"Unikal" xəbər verir ki, ötən gün iki nəfər şəxsiyyətləri məlum olmayan  yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şəlaləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüblər. 

Onların itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə və DİN-nin Zaqatala rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.

Seymur Əli