Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sabirabad rayonu Nərimankənd kəndində fəaliyyət göstərən "LukOil" yanacaqdoldurma məntəqəsinin ətrafında, Xaçmaz rayonu, Ağaşirinoba kəndində yerləşən yaşayış evlərinin yaxınlığında, Ağdaş rayonunun Qolqət kəndi, Ağcabədi rayonunun Muğanlı kəndi, Biləsuvar rayonunun Səmədabad kəndi və Salyan rayonunun Yolüstü kəndində yerləşən mağazaların ətrafında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

Bu barədə "Unikal"a Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib.

Onun sözlərinə görə, faktlarla bağlı akt, protokol tərtib edilib və "LukOil" YDM-nin rəhbəri Niyazi Gülalıyev, Xaçmaz rayonu, Palçıqoba bələdiyyəsinin sədri Museyib Aslanov vəzifəli şəxs qismində, mağazaların nümayəndələri Ağdaş rayon sakini Nihad Qarayev, Ağcabədi rayon sakinləri Anar Quliyev, Mirdaməd Ağayev, Biləsuvar rayon sakini İsmayıl Qafarov və Salyan rayon sakini Hafis Qaraxanov isə fiziki şəxs qismində cərimələnib.

“Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi üçün obyektlərin sahiblərinə və Palçıqoba bələdiyyəsinin sədrinə məcburi göstəriş verilib”, - o vurğulayıb.