ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin ailəsinin xaricdəki korrupsiya sxemlərində əli olduğuna görə ona impiçment elan etmək üçün araşdırma aparmaq niyyətindədir. 

“Unikal” “Fox News”a istinadən xəbər verir ki, bu barədə Konqresin aşağı palatasının spikeri Kevin Makkarti bildirib.

“Bayden prezidentliyə namizədliyini irəli sürərkən amerikalılara heç vaxt biznes haqqında danışmadığını söylədi. O, ailəsinin Çindən bir dollar da almadığını söylədi, lakin indi bunun doğru olmadığını sübut etdik”, - Makkarti deyib. 
Onun sözlərinə görə, Bayden Amerika siyasətinin “Riçard Niksonun dövründən bəri görmədiyi” üsullardan istifadə edir.

“O, hökuməti öz ailəsinin maraqları naminə “silahlandırır” və Konqresi nəzarəti həyata keçirmək imkanından məhrum edir”, - Makkarti bildirib.

May ayında ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsindəki Respublikaçılar Baydenin ailə üzvlərinin və onlarla əlaqəli şəxslərin əvvəllər şirkətlər şəbəkəsi vasitəsilə xaricdən milyonlarla dollar aldıqlarına dair sübutlar əldə etdiklərini söyləmişdilər. 

Nuranə Abbasova