"3 gündən sonra, 28 iyulda  MİDA “Güzəştli mənzil” sisteminin DEMO versiyasını dayandıracaq. Yəni, sınaq versiya ilə mənzil seçimini test edənlərin cəmi üç gün vaxtı qalıb".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.

O xatırladıb ki, cari ayın əvvəli MİDA DEMO versiyanı işə salanda açıqlama vermişdi. Bildirilmişdi ki, “Güzəştli mənzil” sistemində 29 iyul – 11 avqust 2023-cü il tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib.

"Bu o deməkdir ki, 29 iyulda  baş tutacaq onlayn satışda güman ki, MİDA yenidən sürprizlər edəcək. Yəni, MİDA təhlükəsizlik məqsədilə DEMO-dan fərqli olaraq real satış modulunun interfeysini dəyişə bilər. Həmçinin, ikiqat CAPTCHA fərqli olar, menyular dəyişilə bilər və s. Botlar və robotların qarşısını almaq üçün gözləmək olar ki, real satış modulu DEMO-dan kəskin fərqli olacaq. Düşünmək olar ki, daha hazırlıqlıların, çox test edənlərin, İT bacarıqları yüksək olanların şansı daha yüksək olacaq. Tövsiyə edərdim ki , DEMO ilə mənzil seçimini test edənlər bu məqamları da nəzərə alsınlar".