"Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün 13.7 milyon vəsait ayrılıb. Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  bununla bağlı hökumətə təkliflər vermişdi . Audiovizual Şuranın da bu istiqamətdə təşəbbüsləri vardı".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.

O bildirib ki, RİNN-in ölkənin informasiya fəzasının qorunması istiqamətində səyləri, təkliflərin dəstəklənməsinə nail olması və ona müvafiq resurslar əldə etməsi  təqdirəlayiqdir:

"Bildiyim qədər ayrılan vəsait çərçivəsində qeyd olunan təkliflərə uyğun olaraq bütün Azərbaycan ərazisində  120 yeni  FM  radioyayım stansiyasının quraşdırılması, milli radio proqramlarının əhatə dairəsinin və keyfiyyətinin artırılması nəzərdə tutulub. Gözləmək olar ki, yalnız Bakıda əlçatan olan radiolar artıq bütün ölkə üzrə yayımlanacaq. Güman ki , layihəni hələlik yayım infrastrukturu sahəsində  inhisarçı qurum olan Teleradio İstehsalart Birliyi icra edəcək, Dövlət Radiotezliklər İdarəsi yeni tezlik resursları ayıracaq. Düşünürəm ki, bu layihə indiki şəraitdə  vətəndaşlarımıza bütün ölkə ərazisində daha çox və keyfiyyətli radio yayımı qəbul etmə imkanının yaradılması baxımından əhəmiyyətli bir addımdır. Xüsusən sərhəd regionlarında yaşayanlar üçün yerli radio kanallarına da əlçatanlıq təmin ediləcək. Eyni zamanda yerli radio yayım şirkətlərinin rəqabətliliyi və dayanıqlılığı güclənəcək".

O.Gündüz qeyd edib ki, ayrılan dövlət resursu ölkədə FM şəbəkəsinin genişləndirilməsini nəzərdə tutub: 

"100 yaşı olan bu texnologiya isə getdikcə köhnəlir və qocalır. Müşahidələr göstərir ki , dünyada FM radio üzərindən informasiya ötürülməsi getdikcə səngiyir. İnsanlar da getdikcə bu texnologiyadan uzaqlaşır, multimediaya, sosial mediaya, interaktivliyə, internet kanallara meyl edirlər. Odur ki, yalnız avtomobillərdə olan FM-in də yerini DAB (Digital Audio  Broadcasting ) texnologiyası, rəqəmsal radio yayım  tutur. Xatırlayıram ki, Azərbaycanda da rəqəmsal radio yayımın test edilməsi işləri aparılırdı. Burada ciddi problem son istifadəçi üçün bu tip texnologiya ilə işləyəcək qəbuledici avadanlığın əldə edilməsidir. Bildiyim qədər RİNN rəqəmsal radioyayıma, DAB texnologiyasına keçidlə bağlı Tədbirlər Planını da hökumətə təqdim edib. Düşünürəm ki, 5-6 ildən sonra DAB-a tələbat xeyli yüksələcək.Bu texnologiya ilə bir tezlik resursunda bir neçə radio kanalın daha keyfiyyətli yayımı mümkün olduğundan tezliklərdən daha effektiv istifadəyə də imkan verəcək".