Ukrayna Xüsusi Xidməti (SBU) ailəsi ilə birlikdə Maldiv adalarına istirahətə gedən ukraynalı deputatın evinə basqın edib.

"Unikal" xəbər verir ki, bu barədə SBU-nun mətbuat xidməti məlumat yayıb.  

"SBU Maldiv adalarında tətildə olan ukraynalı deputatın evində axtarış aparıb. Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Təhqiqat Bürosu rəsmi səfər qadağasına baxmayaraq, müharibə zamanı Hind okeanındakı adalara istirahətə gedən Ukrayna parlamentinin hazırkı deputatı ilə bağlı araşdırma aparır. Deputatın bu il iyulun ortalarında Maldiv adalarının İtaafushi adasındakı hoteldə qaldığı və pasportunda Maldiv adalarına getdiyinə dair möhürlərin olduğu aşkarlanıb. Saxlanılan deputat barəsində araşdırma aparılır", - məlumatda qeyd olunub. 

Bildirilir ki, deputat əvvəlcə Polşaya 3 günlük işgüzar səfərə gedib, daha sonra Maldiv adalarında görüntülənib.

Ukrayna mediası deputatın Yuri Aristov olduğunu və iyunun 5-dən iyulun 22-dək Ukraynadan kənarda olduğunu açıqlayıb. Bildirilir ki, Aristov hələ iyulun 10-da Ukraynadan kənarda olarkən iyulun 19-na kimi Kiyevdəki səhiyyə institutundan xəstəlik kağızı alıb.

Səlahiyyətlilər, sözügedən xəstəlik arayışının müayinəsiz verildiyini və yalan məlumatların olduğunu müəyyən edib. Hadisələrdən sonra Aristov istefa ərizəsi verib.

Gülayə Mecid