Aİ Şurası Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini dəstəkləyən məlumatları təhrif etmək və təbliğat yaymaq məqsədi daşıyan "RRN" (Son Etibarlı Xəbərlər) adlı rəqəmsal informasiya manipulyasiyası kampaniyasının aparılmasına görə məsul olan Rusiyadan 7 fiziki şəxsə və 5 quruma qarşı sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

"Bu koordinasiyalı və məqsədyönlü informasiya manipulyasiyası Rusiyanın Aİ və üzv dövlətlərə qarşı daha geniş hibrid kampaniyasının bir hissəsidir", - mətbuat xidmətinin məlumatında bildirilib.

"Biz Rusiyanın Aİ və üzv dövlətlərə qarşı daha geniş hibrid kampaniyasının bir hissəsi olaraq informasiya manipulyasiyası və müdaxiləni həyata keçirənləri hədəfə alırıq. Bu yeni siyahılarla biz onların informasiya məkanımızı necə manipulyasiya etdiklərini bildiyimizə dair güclü siqnal göndəririk. Biz bu təhdidlərin qarşısını almaq və onlara qarşı yeni alətlərlə effektiv cavab vermək əzmimizdə güclüyük”, - Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel bildirib.

"Aİ Şurası "Inforos" və onun üç təsisçisinə qarşı sanksiyalar tətbiq edib. "Inforos" Rusiya hərbi kəşfiyyatı (GRU) ilə sıx əlaqəli olan saytdır və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dəstəkləmək üçün təbliğat yayan 270-dən çox media proksi onlayn vasitələrinin yaradılmasına cavabdehdir.

Həmçinin ANO Dialoq - Moskva İnformasiya və Texnologiyalar Departamenti tərəfindən yaradılmış qeyri kommersiya təşkilatına, Rusiya Diasporu İnstitutuna, Sosial Dizayn Agentliyinə, Rusiyanın 2 İT şirkətinə sanksiyalar tətbiq olunub.