Birinci Qarabağ müharibəsində yaralı vəziyyətdə əsir düşən və bir müddət sonra əsirlikdən qayıdan Ucar sakini ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı erməninin ona verdiyi işgəncələrdən danışıb. Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Mail Məhəmmədəli oğlu Məmmədov deyir ki, Vaqif Xaçaturyanı dünən televizorda görən kimi tanıyıb.

"Unikal" apa tv -yə istinadən xəbər verir ki, Mail Məmmədov ona işgəncələr verən erməninin saxlanılması xəbərini eşidəndən özünə gələ bilmədiyini bildirir. 1990-cı ildə könüllü olaraq Qarabağa yollanan və döyüşlərdə iştirak edən Mail Məmmədov yaralı vəziyyətdə əsir düşüb. O, əsirlikdə olarkən Vaqif adlı erməninin ona olmazın işgəncələr verdiyini deyir. Onun bildirdiyinə görə, Vaqif adlı erməni hətta balaca uşaqlara silah atmağı öyrətmək üçün Mail Məmmədovdan hədəf kimi istifadə edib. Qeyd edək ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. O, bir sıra silahdaşları ilə birlikdə 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımını və deportasiyasını həyata keçirib. O qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Vaqif Xaçaturyan sadalanan faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işi ilə bağlı axtarışda idi.