Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanında iştirak etməsi üçün ərizə qəbulu 25-30 iyul tarixlərində aparılıb və bu müddət ərzində 324 nəfər qeydiyyatdan keçib.

DİM-dən  "Unikal"a  bildirilib ki, memarlıq ixtisası üzrə qabiliyyət imtahanı 4-5 avqust tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçiriləcək.

İştirakçılar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Xatırladaq ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2023-cü ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.