Fransadan sonra İtaliya da öz vətəndaşlarının Nigerdən təxliyəsinə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani özünün rəsmi tviter səhifəsində yazıb.

"İtaliya hökuməti Niameydəki həmvətənlərimizə İtaliyaya xüsusi reyslə şəhərdən uçmaq imkanı vermək qərarına gəldi", - deyə XİN rəhbəri qeyd edib. 

***10:48

Fransanın Nigerdəki səfirliyi öz vətəndaşlarının Afrika ölkəsindən təcili təxliyəsinə başlayıb. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Nigerdəki fransızları qoruyacağına söz verib. 

"Kim vətəndaşlarımıza, orduya, diplomatlara və ölkənin maraqlarına hücum edərsə, Fransadan dərhal və barışmaz bir şəkildə cavab alacaq", - deyə Fransa lideri bildirib.

Xatırladaq ki, iyulun 30-da Nigerdə etirazçılar Fransa səfirliyinin binasını yandırıblar. Aksiya iştirakçıları binanın darvazasından səfirliyin lövhəsini qoparıblar. Nümayişçilər iyulun 26-da ölkədə hakimiyyəti ələ keçirən hərbçiləri dəstəklədiklərini bəyan ediblər. Hərbçilərin tərəfdarları mitinqə Rusiya bayraqları ilə gəliblər.

Nuranə Abbasova