Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak bildirib ki, müharibə tezliklə Rusiya ərazisinə keçəcək.

"Unikal" xəbər verir ki, Podolyak sosial media hesabındakı paylaşımında Rusiyanın paytaxtı Moskvaya PUA (pilotsuz uçuş aparatı) hücumlarını dəyərləndirib.

Podolyak deyib: "Moskva sürətlə tammiqyaslı müharibəyə öyrəşir və bu müharibə tezliklə tamamilə Rusiya ərazisinə keçəcək. Rusiyada bundan sonra baş verəcək hər şey bir müharibədir. Daha çox naməlum pilotsuz uçuş aparatları, daha çox çöküş, daha çox vətəndaş qarşıdurmaları".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 30-da Ukraynanın pilotsuz təyyarələrlə Moskva və Moskva bölgəsinə hücuma cəhd etdiyini açıqlayıb. Qarşısı alınan PUA-lardan biri “Moskva-City” biznes mərkəzində göydələnə çırpılıb və binaya ziyan dəyib.

Ukraynanın iyulun 24 və 28-də Moskvaya pilotsuz təyyarələrlə hücumlar həyata keçirdiyi, ölən və yaralananların olmadığı bildirilib.