Motokuryerlərin sürücülük vəsiqəsi və qeydiyyat nişanı alması ilə bağlı qərar qüvvəyə minib. Milli Məclisin qəbul etdiyi qərarda sürət həddi 50 km/saat və daha yuxarı olan nəqliyyat vasitələrinə sürücülük vəsiqəsi və dövlət qeydiyyat nömrəsi almaq tələb olunur.  

Sosial şəbəkələrdə yayılmış videoda artıq moto istifadəçilərinin müvafiq sənədi və nömrəni aldığı görünür. Belə ki, nəqliyyat vasitəsinə texniki şəhadətnamə, dövlət qeydiyyat nişanı, sürücüyə isə sürücülük vəsiqəsi təqdim olunub.

Ekspert Elməddin Muradlı "Unikal"a açıqlamasında bildirib ki, qanunvericilikdə mühərrikin işçi gücü 50 kubsantimetr və yüksək olan nəqliyyat vasitələrini idarə edən şəxs “A1” alt kateqoriyası üzrə sürücülük vəsiqəsinə malik olmalıdır.

“Sürücülərin könüllü şəkildə qanunvericiliyin tələblərinə riayət etməsi təqdirəlayiqdir. Bu cür məsuliyyətli sürücülərin olması sevindirici haldır. Ümid edirik ki, qısa zamanda bu məsələ tamamailə həllini tapacaq.”