"Sosial mediadan görmək olar ki, bir neçə partiyanın yenidən qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə göndərdikləri üzvlərin reyestri geri qaytarılıb".

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, Ədliyyə Nazirliyi əsas problem olaraq bir neçə məsələni, o cümlədən "Dövlət reyestrində tapılmadı" səbəbini, yəni, partiyaların təqdim etdiyi reyestrlə dövlət resyestrləri arasında uyğunsuzluğu da qeyd edib.

"Nazirlik güman ki, reyestrlərdəki bəzi adlar və soyadlarda, şəxsi məlumatlarda, telefon nömrələrində, yaşayış yerində uyğunsuzluqlar tapıb. Bununla bağlı qeyd etmək istərdim ki, partiya rəhbərliyinin ilk öncə üzvlərinə öz şəxsi məlumatlarını mövcud dövlət reyestrlərində dəqiqləşdirməyi tövsiyə etməsi doğru olardı. Xüsusilə, partiya üzvləri RİNN-nin MyGov və Ədliyyə Nazirliyinin "Mobil notariat" reyestrində öz məlumatlarını dəqiqləşdirə, hətta çap edib partiya rəhbərliyinə təqdim edə bilərlər.

MyGov-da "Şəxsi məlumatlarım" , "Yaşayış yerim", "Mobil telefonlarım" və "Stasionar telefonlarım" bölmələrindəki məlumatlar, hansı ki bu datanı DİN və RİNN təqdim edir, yetərincə güvənlidir. Eyni zamanda Mobil notariat tətbiqində "Mobil əhali" dəki məlumatlara da nəzər salmaq olar. Düşünürəm ki, növbəti dəfə Ədliyyə Nazirliyinə müraciət etdikdə partiya rəhbərlərinin bu dövlət reyestrlərindən üzvlərinin çıxarışlarını, yaxud bu çıxarışlara uyğun siyahıları təqdim etməsi bu sahədə problemlərin aradan qaldırılmasına xeyli köməklik edə bilərdi. Bununla da, ən azı  " Dövlət Reyestrində tapılmadı" səbəbini aradan qaldırmaq mümkün olardı".