Məhkəmə Kolumbiya Prezidenti Qustavo Petronun çirkli pulların yuyulması ittihamı ilə saxlanılan oğlunu həbsdən azad edib.

"Unikal" xəbər verir ki, bu barədə Kolumbiyanın Baş Prokurorluğunun məlumatında deyilir.

“Müttəhimlərin istintaqla əməkdaşlıq etmək istəyi ilə əlaqədar Petro Burgos və onun keçmiş həyat yoldaşı Deysuris Vaskes həbsdən buraxılıb. Lakin onlar istintaq altında qalmaqda davam edəcəklər”, - deyə bəyanatda bildirilir. Məlumata görə, Prezidentin oğluna yaşadığı Barranquilla şəhərini tərk etmək qadağan olunub.

Dövlət başçısının oğlu iyulun sonlarında keçmiş həyat yoldaşı ilə birgə çirkli pulların yuyulması və qanunsuz varlanmağa cəhd ittihamı ilə saxlanılıb. O, narkotik vasitələrin ticarəti və cinayətkar qruplaşmalarla əlaqəli olan şəxslərdən aldığı vəsaiti atasının seçki kampaniyasına yönəltdiyini etiraf edib. Prokurorluq Qustavo Petro komandasının bu ödənişlər barədə seçki komissiyasına məlumat vermədiyindən şübhələnir.

Kolumbiya Prezidentinin oğlu barədə təhqiqat Deysuris Vaskesin “Semana” jurnalına müsahibəsindən sonra başlayıb. O, müsahibədə həyat yoldaşının narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslərdən atasının seçkiöncəsi kampaniyası üçün pul yığdığını bildirib. Müsahibə dərc olunduqdan sonra prezident məsələ ilə bağlı istintaq aparılmasını tapşırıb.