Milli Kitab Mükafatının Ekspert Şurasından açıqlama gəldi
12:10 28-03-2013
CƏMİYYƏT
Etimad Başkeçid: “Milli Kitab Mükafatının keçirilməsi və mükafatların təyin edilməsi proseduru at yarışına çevrilməyə başlanıb”
Məqsəd Nur: “Əvvəlki illərdə Milli Kitab Mükafatının təqdim edilməsi prosesini izləmişəm və nəticələr məni qane edib”
Martın 27-də Milli Kitab Mükafatının Ekspert Şurası qısa siyahını açıqlayıb. Siyahıya on əsər daxil edilib. Bu əsərlər sırasında Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi”, Qan Turalının “Mustafa”, Pərvin Nurəliyevanın “Balerina”, Sayman Aruzun “Yüz il inqilab” və s. əsərlər daxildir.
Ekspert Şurasına Tehran Əlişanoğlu, Mahir Qarayev, Yaşar, Zahir Əzəmət və Elnarə Tofiqqızı daxildir. Rus dilində təqdim olunmuş əsərləri bu il rusdilli ekspertlər dəyərləndirəcək: Bella Zakirova və Vyaçeslav Sapunov.
Xatırladaq ki, 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-i nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir. Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər. MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub. Mükafat ölkənin bütün televiziyalarında, o cümlədən regional kanallarda ətraflı işıqlandırılıb. Aprelin 1-də 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.
MKM Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir.
Tanınmış yazıçı Etimad Başkeçidin “Unikal”a bildirdiyinə görə, “Həmin mükafat proseduru barədə əvvəllər də fikrimi mətbuata bildirmişəm və çox təəssüf ki, öncədən dediklərim reallığa çevrilir. Məsələ burasındadır ki, Milli Kitab Mükafatının keçirilməsi və mükafatların təyin edilməsi proseduru at yarışına çevrilməyə başlanıb. Dünyada belə bir mükafat təqdim etmə nümunəsi yoxdur. Belə hallara ancaq Azərbaycanda rast gəlmək mümkündür”.
Yazıçının sözlərinə görə, “Heç olmasa, dünya praktikasından öyrənmək lazımdır. Nobel mükafatı necə təqdim olunur? Bu qurumda monitorinq bölməsi fəaliyyət göstərir. Bu bölmə dünya elmində və ədəbiyyatında gedən prosesləri izləyir, mükafata layiq bildiyi əsərləri özü seçir. Bizdə isə hər şey tərsinədir. Yazıçı və yaxud şair əsərini yazandan sonra gətirib özü öz əsərini sözügedən quruma təqdim edir. Belə praktika dünyanın heç bir ədəbi mühitində yoxdur”.
Başkeçid hesab edir ki, “Həmin qurumun ekspertlər şurasında təmsil edilən insanlar professional ədəbiyyatçılar olsa da, mükafatların təyin edilməsində onların rəyləri həlledici rol oynamır. Mükafatları müəyyən edənlər isə əsil ədəbiyyata çox az dəxli olan adamlardır. Buna görə də Milli Kitab Mükafatı tədricən özünün əvvəlki nüfuzunu itirməyə başlayıb və mənə elə gəlir ki, bir müddətdən sonra fəaliyyətini dayandırmalı olacaq”.
Yazıçı Məqsəd Nurun “Unikal”a söylədiyinə görə, “Mən bir yazıçı kimi ədəbi prosesin izlənməsi və dəyərli əsərlərin ciddi ekspertizadan keçirilməsindən sonra müəyyən mükafatlara təqdim edilməsi praktikasını alqışlayıram. Əvvəlki illərdə Milli Kitab Mükafatının təqdim edilməsi prosesini izləmişəm və nəticələr məni qane edib. Təəssüf ki, bu ilki proseslər barədə yalnız qəzetlərdən və internet saytlarından məlumat ala bilmişəm. Ona görə də həm mükafata təqdim edilmiş əsərlər, həm də prosesin gedişi barədə heç nə deyə bilməyəcəyəm. Ümumilikdə isə milli ədəbiyyatımızın inkişaf perspektivləri baxımından bu tipli addımları təqdir edirəm”.
Digər Xəbərlər
2025-02-24 12:19:03

2025-02-24 12:10:00

2025-02-24 12:09:37

2025-02-24 12:07:36

2025-02-24 12:05:57

2025-02-24 11:36:00

2025-02-24 11:31:39

2025-02-24 11:25:08

2025-02-24 11:24:28
.jpg)
2025-02-24 11:20:28

2025-02-24 11:20:00

2025-02-24 11:07:48

2025-02-24 11:03:04

2025-02-24 11:00:20

2025-02-24 10:49:56

2025-02-24 10:31:37

2025-02-24 10:15:07

2025-02-24 10:01:09

2025-02-24 09:36:17
