Ukrayna prezidenti Volodimir Zelenski yenidən ölkənin Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikovun yerinə namizəd axtarışına başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “Ukrainska Pravda” məlumat yayıb. Qəzetin yazdığına görə, dövlət başçısı bu vəzifəyə potensial namizədlərlə danışıqlar aparıb.

Materialda deyilir ki, artıq potensial namizədlərlə - Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini, infrastruktur naziri Aleksandr Kubrakov və strateji sənayelər naziri Aleksandr Kamışin ilə danışıqlar aparılıb.

Qəzetin yazdığına görə, Reznikov istefa verəcəyi təqdirdə Ukraynanın Böyük Britaniyadakı səfiri ola bilər, Müdafiə Nazirliyinin hazırkı rəhbərinin özü belə təklifin əleyhinə deyil.

Bundan əvvəl Ali Radanın deputatı Oleksiy Qonçarenko Reznikovun Ukraynanın müdafiə naziri postunu tərk edə biləcəyi barədə məlumat vermişdi. Parlamentarin sözlərinə görə, bir sıra korrupsiya qalmaqallarından sonra  prezident aparatı çoxdan Reznikovu tutduğu vəzifədən uzaqlaşdırmaq və yerinə Ukrayna QRU-nun rəhbəri Kirill Budanovu qoymaq istəyib. Deputat müdafiə nazirinin Britaniyaya səfir təyin oluna biləcəyini də istisna etməyib. Londonda, onun qeyd etdiyi kimi, bu ideya müsbət qarşılanıb.