Macarıstan və Türkiyə İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin iki ölkənin parlamentlərində ratifikasiyasının gedişi barədə bir-birini məlumatlandırmaq barədə razılığa gəliblər, lakin bunun üçün hələlik konkret müddətlər müəyyən etməyiblər.

“Unikal” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekununda bildirib.

“Biz daimi məsləhətləşmələr apardıq, əlaqələri davam etdirdik, parlamentlərdəki işlərin vəziyyəti və proseslər barədə bir-birimizi məlumatlandırdıq”-deyə, o bildirib.

Onun sözlərinə görə, Macarıstan və Türkiyə gələcəkdə parlament yay tətilindən qayıdıb fəaliyyətə başlayanda bu təcrübəni davam etdirəcəklər: “Daha sonra İsveçin NATO-ya qəbul üçün müraciətinin nə vaxt gündəmə gətiriləcəyi məsələsi həll olunacaq”.