"Ailə-insanlıq tarixi boyunca var olan və cəmiyyətimizdəki rolunu hər zaman qoruyan bir qurumdur. Başqa sözlə desək, ailə insanoğlunun ən dərin bilgiləri aldığı, bir çox dərsləri öyrəndiyi və həyata hazırlandığı bir məktəbdir. Ailənin dayandığı təməlin şərtləri arasında beyin, duyan qəlb və hisslər arasında ortaya çıxan uyğunluq,uyum əsas şərtlərdəndir. Cəmiyyətin ən aktual problemlərindən biri də düzgün qurulmayan ailə və bundan dolayı yaranan ailədaxili faciələr, bədbəxt hadisələrdir".
"Unikal" xəbər verir ki, bunu ekspert-yazar Gülər Mübariz deyib.
"Əslində bundan öncəki yazımda bu mövzuya geniş yer versəm də meydana çıxa biləcək çətinliklərdə çözüm yoluna toxunmamışdım.Sonuncu mövzularda bu problemə toxunmağımın səbəbi də əslində baş verə biləcək bədbəxtliklərin önünü az da olsa almağa yardım etmək və bu yolda hər kəsi maarifləndirməkdir.
Mükəmməl ailə sahibi olmaq hər kəsin arzusudur. Amma bunu bacarmaq hər kəsin əməli və bacarığı olmur.Fikrində canlandırdığı ailə modeliylə qarşılaşmayan gənclər arasında baş verən nifaq və toqquşmalar onları önü alınmaz uçurumlara gətirib çıxarır.Bu kimi hallarda çarəsiz duruma və köməksiz vəziyyətə düşən tərəf əksərən qadınlar olur.Bu,hər kəsə şamil olunmasa da ,məlum məsələdir ki,qadınlarımız kişilərə nisbətən daha zəif sayılırlar.O baxımdan da ailə münaqişələrində çıxılmaz vəziyyətdə qalan tərəf yüksək ehtimal ilə qadınlar olur.Həm mənəvi,həm fiziki cəhətdən zərif olan qadınlarımızın məruz qaldığı bütün işgəncələrə qarşı hər kəsi birlik olmağa və bunun önünün alınması üçün bütün aidiyyati qurumları işbirliyinə səsləyirəm.Ayağa qalxın,qadına qarşı yönələn cinayət və zorakılığa “yox” deyin,sahibsiz qadınların yaşaya biləcəyi bütün faciələrin önünü almaq üçün əlbir olun;əks -təqdirdə cəmiyyətimizin rifahından,dirçəlişindən söhbət gedə bilməz.Anasının göz yaşı ilə böyüyən və işgəncələrinin şahidi olan gələcəyin müəllimindən ideal öyrətmənlik gözləyirsinizmi? Bu şəraitdə yetişən hakim ədalətli qərar verə bilərmi?Ürək həkiminin-cərrahın doğru əməliyyat etməyə bütöv ürəyi olacaqmı?Gələcəyimizin naminə,güclü cəmiyyət arzusu ilə çarəsiz qadınların səsi olaq.Bu baxımdan atılmalı addımlar haqqında düşündüklərimi paylaşacam sizinlə.
Hər bir qadının ən çarəsiz halında üz tutası yuvası olmur.Bəzilərinin olsa da bəlli səbəblərdən üz tuta bilmir.Bu kimi vəziyyətlərdə ağlıma ilk gələn Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi — ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Dövlətimizin yaratdığı bu qurum varkən,niyə qadınlarımız çarəsiz qalır? Yaradılma tarixi
14 yanvar 1998-ci il, Tabelik Azərbaycan Respublikası Prezidenti olan bu qurum bütün qadınlarımızın səsi olmalıdır.Tabeliyində olan aidiyyatı qurumların bu yöndə fəaliyyəti yetərli sayılırmı? Məişət zorakılığına məruz qalan qadın hara müraciət edə bilər? Bu barədə hər kəs məlumatlıdırmı?
Azərbaycanda yaradılan qadın sığınacaqlarından danışacam.Paytaxtımızda artıq bəlli sayda mövcud olan bu sığınacaqlarda durum həqiqətən də ürəkaçandırmı?Təəssüf ki,bunu iddia edə bilməyəcəm.Çarəsiz vəziyyətdə qalan qadınlara kömək olmaq və onu həyata hazırlamaq üçün yaradılan bu qurumlar öz vəzifə borclarını tamamilə və vicdanla yerinə yetirmirlər.Bunun üçün bu qurumlara nəzarətin gücləndirilməsi və onların sayının kifayət qədər artırılması başlıca şərtlərdən biridir.
İkinci vacib amillərdən biri-ailə,məişət zorakılığına məruz qalan qadınlar bir tək paytaxtımızdamı var?Bəs niyə bu qurumlardan bölgələrimizdə yoxdur və ya yox dərəcəsindədir?Hər hansı bir uzaq regionumuzdakı qadının özünü paytaxta sağ-salamat çatdıra biləcəyinin təminatını bizə kim verir?
Bütün bunların nəzərə alınmasını ən azından bir qadın-Azərbaycan Respublikasının bir vətəndaşı kimi aidiyyatı qurumlardan tələb və xahiş etmək mənim haqqımdır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə səslənirəm. Dövlətimizdə günü-gündən artan qadın cinayətlərinin, qadına şiddətin qarşısının alınması üçün qadınlara kömək və diqqətin artırılmasını önəmlə rica edirəm. Biz bacararıq, biz qadınların səsiyik, biz güclüyük.
Əks halda cəmiyyətimizi fəlakətə sürükləyən bəlanın gələcəyimizi məhv etməyinin önünü almaq qeyri-mümkün olacaqdır", - deyə o qeyd edib.