Azərbaycan əsilli Dünya şöhrətli Türkiyəli alim Prof. Dr. Elbrus Cəfərovun Ankarada zəfərə səsləyən “Zirvələrə Dikin Bayraq” adlı ictimai - siyasi - fəlsəfi motivli yeni kitabı dərc olunub.
"Unikal" xəbər verir ki, İstanbul Texniki Universitetinin aerokosmika fakültəsinin professoru Elbrus Cəfərovun Türkiyədə “Zirvələrə dikin bayraq” adlı yeni kitabı işıq üzü görüb. “Ankara Sahil Kitap” nəşriyyatı tərəfindən Elbrus Mahmudoğlu təxəllüsü ilə nəşr olunan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı elmi, fəlsəfi-təsəvvüfi araşdırmaları, ictimai-siyasi motivli şeirləri daxil edilib.
Qərbi Azərbaycanın Göyçə mahalının Kərkibaş kəndində dünyaya göz açmış müəllifin kitabında fərqli dövrlərdə yazdığı Vətən həsrətli ictimai-siyasi motivli, təbiət və həyatın gözəlliklərini tərənnüm edən lirik şeirlər, təsəvvüf motivli qəzəl və münəcatlar yer alıb. Fəlsəfi-təsəvvüf motivli “Dünya” və “Milli qürurdur dilimiz” mənzum traktatları da ilk dəfə bu kitabda nəşr olunub. Kitabda sufi-hürufi şair, dahi mütəfəkkir alim - filosof Seyid İmadəddin Nəsiminin məşhur “Sığmazam” əsərinə nəzirə olaraq yazılmış “Möhtacam” şeiri də yer almışdır.
Şairin əsərləri günümüzün ictimai-siyasi gerçəkliklərini poetik janrda oxuculara çatdıran samballı nümunələrdən hesab olunur. Kitabda müəllifin 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərin qəhrəmanlarını tərənnüm edən, Vətən, torpaq, bayraq sevgisi aşılayan şeirləri də yer alıb. Xüsusilə də Müzəffər Ali Baş Komandanın dilindən xalqımızı və əsgərimizi mücadiləyə səsləyən “Azərbaycan, Azərbaycan” poemasının epiloqu olduqca təsirli bir əsər olaraq günümüzün aktual gerçəklikləri ilə uzlaşır, kitaba xüsusi məna qatır.
Göründüyü kimi, həyatını bütünlüklə elm və təhsilə həsr etmiş professor eyni zamanda sazlı-sözlü Göyçənin zəngin folklor mühitindən aşılanan bədii yaradıcılığından da uzaq qalmamışdır. Müəllifin 30 illik müşahidələrinin bədii inikası olarak ərsəyə gələn, nəfis tərtibatlı 144 səhifədən ibarət bu yığcam kitabı tarixin sınaqlarından çıxan "bir millət, iki dövlət" dost və qardaş Azərbaycan – Türkiyə xalqları arasında ədəbi - bədii əlaqələrin və canlı insani körpülərin möhkəmlənməsində mühüm töhfələrdən biri kimi dəyərləndirmək mümkündür. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Türklərin gücü yenilməzdir! Türkün ruhu sarsılmazdır! şüarları danılmaz bir gerçəkdir. Maddi- mənəvi sərvətləri zəngin olan vətənimizə göz dikən yağı düşmən bu zəfərdən dərs çıxarmalıdır.
Ümid edirik ki, professorun ömrünün müdrik çağında uzun illərdən sonra ərsəyə gələn “Zirvələrə dikin bayraq” kitabı vətənimiz Azərbaycanda da geniş oxucu kütləsinin marağına səbəb olacaq, gənclərin, şanlı əsgərlərimizin, təsəvvüf elminə maraq göstərənlərin, folklorsevərlərin stolüstü kitabına çevriləcək.
Qeyd edək ki, ilk təhsilini hazırda işğal altında olan Basarkeçər rayonunda alan Elbrus Mahmud oğlu Cəfərov məktəbi qızıl medalla bitirdikdən sonra elm yolunda ilk addımlarını atıb. “Sapı özümüzdən olan baltalar”ın yaratdığı əngəllərə baxmayaraq, 35 yaşında Moskvada doktorluq dissertasiyası (Э.М. Джафаров "Многоструктурное управление непрерывными процессами" (теория, разработка и внедрение) 450 стр.) müdafiə edən Elbrus Cəfərov “Texniki kibernetika və informasiya nəzəriyyəsi” istisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsini qazanmışdır.
Professor uzun illər ərzində Azərbaycan Texniki Universitetinin avtomatika və robototexnika kafedrasına rəhbərlik edib. O, ölkəmizdə robototexniki sistemlər ixtisasını açan və tədris edən ilk alimdir. Beynəlxalq Astronavtika Akademiyasının (IAA) həqiqi üzvü olan professor Elbrus Cəfərov dünyanın müxtəlif ölkələrində keçirilən yüksək dərəcəli elmi konfranslarda məruzələrlə çıxış edib, 200-dən çox birinci dərəcəli elmi məqalənin, 27 ixtiranın müəllifi - patent sahibidir.
Xeyli müddətdir ki, İstanbul Texniki Universitetində çalışan alim bakalavr, magistratura və doktorantura pillələrində xarici tələbələrə fundamental ixtisas fənlərindən dərs keçir. Universitetdə onun rəhbərliyi altında 10 nəfərə yaxın Ph.D., 100-ə yaxın bakalavr və magistr yetişdirilib.
İstanbul Texniki Universitetin Aerokosmika fakültəsinin Aviasiya Mühəndisliyi ixtisası üzrə professoru 77 yaşlı Elbrus Cəfərovun yüzlərlə tələbənin məzun olmasında və Türkiyə Müdafiə Sənayesində uğurla çalışan mühəndis kadrlarının ərsəyə gəlməsində müstəsna xidmətləri və əməyi olmuşdur. Professorun Avropada ingilis dilində nəşr olunmuş “Elbrous Jafarov (Variable Structure Control and Time-Delay Systems) WSEAS Press 2009, 330 p.” fundamental kitabı dünyanın aerokosmik sistemləri, robototexnika, idarəetmə nəzəriyyəsi sahələrində tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilib. Qeyd olunan fundamental referans kitabı aerokosmik fakültələr, kibernetika və tətbiqi riyaziyyat, avtomatika, robototexnika, idarəetmə nəzəriyyəsi magistr və doktorantura tələbələri, müəllim və tədqiqatçılar üçün nəzərdə tutulub. Sözügedən kitabı professorun üzv olduğu Dünya WSEAS Akademiyasının Amerika, Avropa, Avstraliya və Türkiyədəki ofisləri universitetlər və şəxsi kitabxanaları üçün sifariş edirlər.
Prof. Dr. Elbrus Cəfərov “Robust Control, Theory and Applications 694 p. Edited by Andrzej Bartoszewicz; Published by InTech 2011” tez-tez istinad edilən nadir fundamental monoqrafiya-dərslik kitabının seçilmiş beynəlxalq həmmüəlliflərindən biridir.
Hal-hazırda vəzifəsinin başında olan və Göyçə həsrətiylə yanan qocaman alim gənclik illərindən bəri çox sevdiyi Bakı şəhərindədir.