Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Unikal"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.

Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, daha öncə sözügedən şəxslərin İsmayıllı rayonu ərazisində itkin düşmələri barədə xəbər yayılmışdı.

*** 21:04

Tarixçi alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin düşüblər.

"Unikal" xəbər verir ki, bu barədə onların dostu Nazim Xəlilov məlumat verib. O, gənc alimlərin ailələrinin narahat olduğunu vurğulayıb.

Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva isə bildirib ki, onlar sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Saat 12:00-dan isə əlaqə kəsilib.
“Onlar qayalıqdadır, çox islanıb və dona bilərlər.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə müraciət edirəm və xahiş edirəm ki, onların tez bir zamanda tapılmasına kömək etsinlər. Həmin nazirliklərin yerli şöbələri onların durumunu və hava şəraitini nəzərə alıb diqqətli olsunlar və bu məsələyə çox həssas yanaşsınlar”.

Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin əməkdaşı, Emil Cəbrayılov isə AMEA Coğrafiya İnstitutunun elmi işçisidir.