Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu - Fidan Hüseynzadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibləri sırasında yer alıb.
"Unikal" xəbər verir ki, F.Hüseynzadə magistratura təhsilini Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Aberdeen Universitetində (University of Aberdeen) “Biotechnology and Bioinformatics” ixtisası üzrə davam etdirəcək. BMU məzunu bundan öncə, həmçinin Polşanın nüfuzlu ali təhsil ocaqları olan Jagiellonian və Adam Mickiewicz universitetlərindən də qəbul əldə edib.
BMU-nun Pedaqoji fakültəsinin Biologiya müəllimliyi ixtisasının məzunu olan F.Hüseynzadə bakalavriat səviyyəsini ümumi orta müvəffəqiyyət göstəricisi 90.1 olmaqla başa vurub.
Xatırladaq ki, BMU-nun Mühəndislik, Memarlıq və inşaat, İqtisadiyyat və idarəetmə , Pedaqoji fakültələrinin bir qrup tələbəsi də magistratura səviyyəsi üzrə Dövlət Proqramının iştirakçısı seçilib. Onlar təhsillərini Böyük Britaniyanın, Finlandiyanın, Polşanın, Almaniyanın, Türkiyənin, Macarıstanın, İtaliyanın, Çexiyanın nüfuzlu universitetinində davam etdirəcəklər.