Rusiyanın “Uralvaqonzavod” şirkəti Rusiya Müdafiə Nazirliyinin göstərişi ilə T-80 tanklarının istehsalını bərpa edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə zavodun baş direktoru Aleksandr Potapov Zvezda telekanalında danışıb .

Potapovun sözlərinə görə, hazırda müəssisə rəhbərliyi tankların istehsalı ilə bağlı məsələlər üzərində işləyir.

"Biz həmçinin Sənaye və Ticarət Nazirliyi ilə bu məsələlər üzərində işləyirik, çünki bu, müvafiq olaraq, yeni imkanlar tələb edir" deyə Uralvaqonzavodun baş direktoru bildirib.

T-80 tankı SSRİ-də Omsk Nəqliyyat Maşınqayırma Zavodunda istehsal edilib və 1976-cı ildə Sovet ordusunda xidmətə başlayıb.

Bundan əvvəl rusiyalı hərbi ekspert, “Vətən Arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovski bildirmişdi ki, T-14 Armata tankı kütləvi istehsala göndərilməzdən əvvəl yekunlaşdırılacaq. Onun sözlərinə görə, elektron sistemlər təkmilləşdiriləcək. “Armata”nın 2024-cü ildən qoşunlara təhvil verilməsi planlaşdırılır.