""Artsax"ın mobil rabitəsi və internet təchizatı "Karabakh Telecom" şirkəti üzərindədir. Rabitə kanalları isə Ermənistan üzərindəndir. Geniş baza stansiyaları və xidmət mərkəzləri infrastrukturu var. Müharibədən sonra infrastrukturu  yenidən bərpa ediblər"

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib. Onun sözlərinə görə, tariflərini şirkət deyil, separatçı rejim özü müəyyən edir.

"İkinci Qarabağ  müharibəsində Arutunyan bu şirkəti  livanlı sahiblərindən - Fatuş qardaşlarından zorla ələ keçirib özəlləşdirmişdi. Hazırda ərazimizdə qanunsuz fəaliyyət göstərən bu şirkətin kimə məxsus olması haqqında məlumat yoxdur. Güman ki, "Karabakh Telecom"u indi də separatçıların yeni "prezidenti" Şahramanyan ələ keçirər. Düşünürəm ki, bu kommunikasiyanın da Azərbaycan qanunlarına tabe etdirməyin zamanı yetişib. "Karabakh Telecom"un 20 ildən çox qanunsuz fəaliyyətinə qiymət verilməli, xidmət üçün  RİNN-dən lisenziya almalı, tezliklər bizim qurumlar tərəfindən ayrılmalı, trafikinə bizim qanunlar çərçivəsində nəzarət olunmalı və interneti də bizim magistral provayderlərdən almalıdır".

Ekspert qeyd edib ki, Ermənistandan gələn magistral rabitəni, internet kanallarını bağlamaq və Ağdam istiqamətindən Xankəndinə yeni magistral xətlər çəkmək doğru olardı: "Əminəm ki, undan imtina etsələr də , internetdən imtina etməyəcəklər. Yəni, Ağdam -Xankəndi yolunun açılması ilə yanaşı, rabitə və kommunikasiyanın da Azərbaycan operatorları üzərindən olması təmin edilməlidir. Əminəm ki, bircə gün rabitəsiz və internetsiz qalmaq oradakı ermənilərin  Azərbaycan qanunlarına tabe olması və inteqrasiyası istiqamətində işləri xeyli sürətləndirəcək".