Otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Yağlıvənd kəndində torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər.

Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.

Yaylım atəşindən sonra şəhid Əli Hüseynovun nəşinin qalıqları Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.